Bu il Azərbaycanda qış sərt keçəcək? - Xidmət rəisinin müavini AÇIQLADI

diqqet-2025-ci-ilde-qis-cox-keskin-olacaq-resmi-aciqlama-1736498844
|
|

Yanvarın 20-dən sonrakı iki gün ərzində Bakı və ətraf ərazilərə qar yağacağı proqnozlaşdırılıb. Proqnoza görə, qarlı hava şəraiti ilə yanaşı, temperaturun kəskin enməsi gözlənilir. Bu vəziyyət nəqliyyat şəbəkəsi və yol hərəkətinə də təsir göstərə bilər.


Əgər qar intensiv olarsa, xüsusən də Bakının bəzi yüksək ərazilərində yollarda sürüşmə və tıxac problemləri yarana bilər. Ehtimallara görə bu il qış çox sərt keçəcək. Ümumiyyətlə 2025-ci il ərzində Azərbaycanda qış fəsli çox kəskin keçəcəyi gözlənilirmi? Bu barədə meteroloji proqnozlar necədir?


Mövzu ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometerologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova Referans.az-a açıqlamasında bildirib ki,  qış fəslində Azərbaycanda havanın orta temperaturu çoxillik normaya yaxın olacaq. Fəsillik proqnozlar uzun illəri, böyük əraziləri əhatə edən hava müşahidə məlumatlarının analizi və elmi tədqiqat əsasında hazırlanan mövsümlər üzrə ilkin hava durumu ssenariləri olaraq Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) Regional iqlim mərkəzləri (Avropa Ortamüddətli Proqnozlar Mərkəzi - ECMWF, ABŞ-ın Beynəlxalq Tədqiqatlar institutu - IRI, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı - APEC Climate Center və s.) tərəfindən yayımlanır.




Nazirlik rəsmisi onu da vurğulayıb ki, fəsillik proqnozlara əsasən bu ilin qış fəslində Azərbaycanda havanın orta temperaturu çoxillik normaya yaxın olacaq. Yağıntının miqdarının da normaya yaxın, bəzi yerlərdə bir qədər az olacağı proqnozlaşdırılır.


"Azərbaycanda çoxillik meteoroloji məlumatların təhlili göstərir ki, qış fəslinin iqlim xüsusiyyətlərinə görə adətən yanvar və fevral aylarında ölkə ərazisi daha tez-tez soyuq arktik hava cərəyanlarının təsirinə məruz qalır, buna görə də qış fəslinin nisbətən mülayim keçəcəyi gözlənilsə də, bəzi dövrlərdə hava şəraitinin şaxtalı və qarlı keçməsi istisna olunmur",-deyə  Gülnarə Abbasova qeyd edib.


Bünyamin Bünyadzadə

Referans.az